ÜZEYİR MUSİQİ GÜNÜ VƏ YAXUD MUSİQİNİN MƏCNUNU OLAN ÜZEYİR HACIBƏYOVUN ANIM GÜNÜ

18 Sentyabr 2015

 
Musiqinin himni. Uzun ömrün akkordları. Musiqi mülkünün sultanı. Musiqinin Məcnunu və ya sadəcə ölməzlik qazanan Üzeyir ömrü.
 
Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i - böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda qarışıqlıq yaranan zaman bu ənənə bir müddət unuduldu. Böyük bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması həqiqətən narahatlıq doğururdu. Mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyev məhz bu günü də unutmadı. Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı. Ulu öndərin sərəncamı ilə hər il 18 sentyabr "Üzeyir Musiqi Günü" kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.
 
18 sentyabr həm də Azərbaycan Musiqili Teatrının təşəkkül və inkişafında özünəməxsus xidmət göstərmiş Müslüm Maqomayevin ad günüdür.
 
Günümüzdə Azərbaycan musiqisi çiçəklənmə dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən musiqi mədəniyyətinə göstərilən xüsusi diqqət və qayğı gündən-günə artmaqdadır. Ölkəmizdə keçirilən beynəlxalq festivallar, vətəndən kənardan gələn muğamımızın sədaları, aşıq musiqisindən tutmuş populyar, caz və s.kimi janrlara olan hədsiz maraq çox qürurverici və sevindirici haldır. 
 
İnsan hər gün bir parça musiqi dinləməli, yaxşı bir şeir oxumalı, gözəl bir rəsm görməli və mümkündürsə bir neçə məntiqli cümlə söyləməlidir.  Bir xalqın adət-ənənəsini bilmək istəyiriksə onun musiqisini, ilk öncə isə laylasını dinləməliyik. Bir gün sual verdilər:"Hansı ölkələrdə olmusan?" Cavabım bu oldu:"Mən dünyanı gəzmişəm". Heyrət içində qaldılar. Anlamadılar ki, insan qəlblərini fəth edən musiqiləri dinləmək dünyanı səyahətə bərabərdir. 
 
Ruhun dili yoxdur deyirlər. Musiqi insan ruhunun dilidir. Fəlsəfənin ən yüksək nöqtəsidir. Musiqi bəzən səssiz qatil, bəzən dünyanı sənə bəxş edəcək ilahi bir əldir. Musiqi dilini öyrənmək digər dünyəvi dilləri öyrənməkdən çətindir. Dünyəvi dilləri öyrənmək ağıl, musiqi dilini öyrənmək isə ruh işidir. Musiqi əxlaqı formalaşdıran müqəddəs bir elmdir. Qısası, musiqi ruhun aynasıdır. 
 
Musiqi günümüz mübarək olsun!