Əsərinin üzərində imzası olmayan yeganə sənətkar-Müəllim Bayramınız mübarək

05 Oktyabr 2015

 
 
Ey əbədiyyətə hökm edən insan, ədalət Allahın yer üzündəki tərəzisidir. Ədalət həqiqətdən, səadət ədalətdən yaranar. Bu ədaləti ən gözəl daşıya biləcək insan sizsiniz, ey müəllim.
 
Ey müəllim, ey düşüncə sahibi! Dünyada qılınc və düşüncə hökm edər, amma əvvəl-axır qılınc belə düşüncəyə məğlub olar.
 
Ey müəllim! Ey insanlığa hədiyyə edilən ən müqəddəs peşənin sahibi! Ey atəşdən olan cahilliyin qənimi. Ey paklıq və müqəddəslik rəmzi!
 
Ey gözləri qayğı və sevgi ilə şagirdlərinə baxan, dodaqları ilə daim onlara  gülümsəyən, qulaqları ilə şagirdlərinin hekayələrini daim dinləyən,beyni ilə həm düşünən, həm şagirdlərinə necə kömək edəcəyini bilən, əlləri ilə şagirdlərini sevən, saçlarını oxşayan, yardım edən, qəlbində hər şagirdinə yetəcək dərəcədə sevgi olan, ayaqları ilə şagirdlərini gedəcəkləri uğurlu yola götürən insan- Müəllimlərimiz  Bayramınız  mübarək.
 
Yer üzündə sizin peşənizdən daha şərəfli peşə yoxdur. Bir müəllimi unudulmaz edən hal şagirdinin qəlbinə toxuna bilməsidir. Meşələr qələm, dəryalar mürəkkəb olsa, sizə təşəkkürümüzü yazıb bitirə bilmərik.Haqqınız ödənməsi mümkünsüz olan  ana-ata haqqına bərabərdir.  Gələcək bizim, biz isə sizin əsərinizik. Varlığınız yetər, müəllimlərimiz. Bizim yollarımızı isidən və aydınladan günəşimiz-Bayramınız mübarək. 
 
Akademik Zərifə Əliyeva adına liseydə "Müəllim günü" təntənəli şəkildə qeyd olundu. Tədbirdə müəllimin cəmiyyətdə  tutduğu önəmli mövqedən, müasir şagird üçün müasir müəllim modelinin formalaşmasının vacib hal olduğundan danışıldı. 
 
Liseyin direktoru Mehriban Vəliyeva müəllimləri bu gün münasibətilə ürəkdən təbrik etdi və müəllimlərin liseyimizin adının yüksəlməsində oynadıqları önəmli mövqedən, 2014-2015-ci ildə qazandığımız uğurlardan danışdı. 
 
Daha sonra isə tədbirin ədəbi-bədii hissəsi başlanıldı. Şagirdlər müəllimlər üçün hazırladıqları bir-birindən maraqlı şeir, musiqi, rəqs nömrələrini nümayiş etdirdilər.