Akademik Zərifə Əliyeva adına liseyin 79 şagirdi RFO-nun növbəti turunda

01 Fevral 2022

RFO 2021-2022 respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərin adları açıqlandı

22.01.2022 tarixlərində RFO rayon (şəhər) mərhələsi keçirilmişdir. Akademik Zərifə Əliyeva adına liseyin ( Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 13, Biologiya fənni üzrə 12, Coğrafiya fənni üzrə 4, Fizika fənni üzrə 9, Kimya fənni üzrə 7, Riyaziyyat fənni üzrə 10, Tarix fənni üzrə 6, İnformatika fənni üzrə 18 şagird) ümumilikdə 79 şagirdi növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadasının nəticələrinə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə bəzi fənnlərdən keçid faziləri aşağıdakı kimi müəyyənləşdirilmişdir.
Azərbaycan dili və ədəbiyyatı fənnindən 9-cu sinif üçün 55%, 10-cu və 11-ci siniflər üçün 50%, Tarix fənnindən 9-cu sinif üçün 30%, 10-cu sinif üçün 35%, 11-ci sinif üçün 50%, Coğrafiya fənnindən hər üç sinif üçün 30%, Riyaziyyat fənnindən 9-cu sinif üçün 35%, 10-cu və 11-ci siniflər üçün 30%, Fizika fənnindən hər üç sinif üçün 30%, Kimya fənnindən 9-cu sinif üçün 45%, 10-cu və 11-ci siniflər üçün 40%, Biologiya fənnindən 9-cu və 10-cu siniflər üçün 35%, 11-ci sinif üçün 45% olaraq müəyyən edilmişdir.

İnformatika fənnindən ən azı bir məsələnin həllini sistemə göndərərək tam (100) bal alan şagirdlər növbəti turda iştirak haqqı qazanmışdır.

Yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə https://olimpiada.edu.az/ saytı vasitəsi ilə də tanış olmaq olar. 

Qeyd edək ki, növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Hər bir şagirdimizə uğurlar arzulayırıq!