"Debat" mövzusuna həsr olunmuş seminar

07 Fevral 2015

Akademik Zərifə Əliyeva adına liseydə "Debat" mövzusuna həsr olunmuş seminar keçirildi. Seminarı giriş sözü ilə liseyin tarix müəllimi Rüfət Rizayev açdı. Debat haqqında məlumat verən Rüfət Rizayev debatın özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyəti olduğunu vurğuladı. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciətin inandırma üçün mühüm rol oynadığını və məsələni daha üstün kontekstdə , daha mahircəsinə əsaslandıra bilən tərəfin digərini üstələdiyini qeyd etdi.

Liseyin tarix müəllimi Zemfira Məhəmmədova qeyd etdi ki, formal debat yarışlarında tərəflərin hər biri üçün keçərli müəyyən qaydalar və çərçivə mövcuddur. Məlum oldu ki, debatlar həm siyasi mövzularda rəsmi orqanlarda parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir.

Seminarda Karl Popper debatı haqqında məlumat verildi. Debatda komandalar 3 nəfərdən ibarət olur və hazırlıq prosesi zamanı hər komanda hər iki mövqe üçün hazırlaşır. Oyun zamanı 1-ci spikerlərin çıxış müddəti 6 dəqiqə, digər spikerlərin çıxış müddəti isə 5 dəqiqədir. Çıxışlar zamanı mövqe arqument və faktlarla əsaslandırılır. Həmçinin hər çıxışdan sonra 3 dəqiqəlik çarpaz suallar raundu baş tutur. 
 
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və yekun olaraq liseyin direktoru Mehriban Vəliyeva qeyd etdi ki, liseyin müəllimləri bu və ya digər debat növlərini öyrənməli, dərslərində tətbiq etməlidirlər. Debat bizim gənclərin həm zehni, həm də mənəvi inkişafına müsbət təsir göstərən maraqlı tədris üsullarından birinə çevrilməlidir.