Narkotiklərə YOX deyək!

13 Aprel 2012

Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni yaxşı və pis mənada dəyişməyə qadirdirlər. Rəsmi statistikaya görə son beş ildə Azərbaycanda narkomanların sayı 10 dəfə artmışdır. Elə məhz buna görə də Azərbaycan Respublikasının Səhiyyə və Təhsil Nazirlikləri Azərbaycanda narkomaniyanın müasir gənclər arasında artmasının qarşısını almaq məqsədilə Respublikamızın bir çox məktəblərində Azərbaycanda narkomaniyaya “YOX!” deyək adlı kompaniya keçirirlər.

11.04.12 tarixində bu mövzu ilə bağlı olaraq, məktəbimizə Təhsil və Səhiyyə Nazirliklərindən qonaqlar buyurmuşdular. Liseyimizin xatirə zalında baş tutan tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri-Araz Əliquliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru-Telman Məmmədhəsənov, Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri-Ağababa İbrahimov, Səhiyyə nazirinin müavini-Elsevər Ağayev, Təhsil nazirinin müavini-Qulu Novruzov iştirak edirdilər. Tədbirdə. Məhəbbət xanım Vəliyeva ilk öncə qonaqları salamladı, bu barədə öz mühüm fikirlərini bildirdi və onu da qeyd etdi ki, Akademik Zərifə Əliyeva adına liseydə hər il olduğu kimi bu il də Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbirlər, aksiyalar keçiriləcək və bu ildən etibarən bu mövzuya da geniş yer ayrılacaq. Daha sonra Tədbirin mühüm qonaqlarından olan Qulu Novruzov kompaniya haqqında şagirdləri məlumatlandırdı və bildirdi ki, bir neçə məktəbdə keçiriləcək bu kompaniyaya ilk olaraq Akademik Zərifə Əliyeva adına məktəbdən başlanılmışdır. Elsevər Ağayev narkotik vasitələrin ziyanlardan, insan həyatına törədə biləcəyi fəsadlardan danışdı: “Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 22 mindən nəfərdən artıqdır. Azərbaycanda narkotiklərdən daha geniş istifadə olunan rayonlar Lənkəran, Masallı və Cəlilabaddır”.

Tədbirin sonuna yaxın şagirdlərə narkomaniyanın törədə biləcəyi ziyanlardan, insan həyatına gətirdiyi fəsadlardan danışılan təqdimat nümayiş olundu, eyni zamanda qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırmağa çalışdılar.

Sonda Məhəbbət xanım Vəliyeva liseyimizdə qonaq olan Təhsil və Səhiyyə nazirliklərinin nümayəndələrinə təşəkkürünü bildirdi və zalda əyləşən şagirdlərə üzünü tutaraq dedi: “Siz şagirdlər bizim, xalqımızın gələcəyisiniz və mən inanıram ki, siz narkomaniyanın fəsadlarını gördükdən sonra ətrafınızda olan bu cür insanlardan uzaq olarsınız və onları düzgün yola yönəltməyə çalışacaqsınız”.