Qanın ilə sulanan torpaq sənin sayəndə yaşayır. Gözün arxada qalmasın, ey Şəhidim!

19 Yanvar 2016

                                                       Vurulub tərtəmiz alnından uzanaraq yatır
                                                        Bir hilal uğruna, Ya Rəbb, necə günəşlər batır

                                                                                        Məhmət Akif  Ərsoy


Eşq gözəldir, qarşılığı varsa ... Qarşılıqsız da sevmək olar əgər qarşındakı Vətəndirsə ...
19 yanvar 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə yumruğunda bir ordu gücü olan, ya ölüm, ya azadlıq qərarını verərək vətəni uğrunda şəhid olmuş Azərbaycan övladlarının xatirəsi yad edildi.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra liseyin direktoru M.Vəliyeva 20 Yanvar faciəsindən danışdı və bu faciənin qan yaddaşımıza yazılmasından 26 il ötdüyünü qeyd etdi.
Bəhruz Vaqifoğlunun şagirdlərindən ibarət qrup şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş səhnəcik göstərdi.
Liseyin tarix müəllimi P. Ağalarov qan yaddaşımızdan və Azadlıq adlı neməti qorumağın vacibliyindən söz açdı.
Xatirə zalında "Yarımçıq xatirələr" filmini izləyən şagird-müəllim kollektivi daha sonra filmin çəkiliş heyəti ilə görüşdü. Rejissor Elxan Cəfərov, aktyorlar Bəhruz Vaqifoğlu və Şamil Süleymanlı liseyin qonağı oldular. 

Saat 13.00 - da Şəhidlər Xiyabanına yürüş edildi.  

Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərindən ibarət qrupun şəhidlərimizin əziz xatirəsinə həsr etdikləri səhnəciyə aşağıdakı linkdən baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=4NLl5aP-ERQ