Şagirdlərimizin uğurları

27 Mart 2015

12-14 fevral 2015-ci il tarixində keçirilən "Sabahın alimləri" IV Respublika müsabiqəsində liseyimizin şagirdləri böyük uğurlara imza atmışdır. Onlar müxtəlif kateqoriyalar üzrə 15 layihə üzrə təmsil olunmuşdur və 10 layihə müsabiqədə yüksək yer qazanmışdır: Fizika-Astronomiya kateqoriyası üzrə bir I yer, kompüter elmləri üzrə bir I yer, mühəndislik, kimya və riyaziyyat kateqoriyası üzrə üç II yer, digər kateqoriyalar üzrə isə beş III yer qazanılmışdır. I yerə layiq görülmüş Fizika- Astronomiya kateqoriyası üzrə layihənin qalibləri Mədət və Nigar Sərdarlı bacı - qardaşları bu ilin may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək "Elm və mühəndislik" sərgisində respublikamızı təmsil edəcəklər.

Artıq şagirdlərimiz beynəlxalq səviyyəli layihələrdə çıxış edərək uğur qazanırlar. 10 r4 sinif şagirdləri Leyla Ələkbərli və Vüsalə Süleymanovanın "İri şəhərlərin yaşıllaşdırılmasının ekoloji modeli" adlı layihəsi 29 aprel-05 may 2015 -ci ildə Keniyada keçiriləcək Beynəlxalq elm-layihə olimpiadasının, həmçinin 31 may- 05 iyun2015-ci ildə Niderlandda keçiriləcək İNESPO layihə olimpiadasının finalçıları sırasına daxil edilmişdir. 10r1 sinif şagirdi İlkin Musayev Proqramlaşdırma üzrə bir layihə ilə, 9-cu sinif şagirdləri Əsgərov Ələkbər, İbrahimzadə Samir və 10 r1 sini şagirdi Əlizadə Cəmil "Robot texnikası" üzrə birgə layihələri ilə liseyimizi bu ilin aprel ayında Çində keçirilən beynəlxalq müsabiqədə təmsil edəcəklər.

10 r3 sinif şagirdi Sonaxanım Musayeva "ERASMUS" proqramının 31 mart- 7 aprel 2015-ci il tarixində Bolqarıstanda keçirdiyi təlimlərə dəvət edilmişdir. Bundan əlavə, may ayında İstanbulda keçirilən "MEF" Beynəlxalq Tədqiqat Layihələri  yarışmasında liseyimizin 10a1 sinif şagirdləri Orxan Əhmədov və Tuncay Tağıyev kimya üzrə birgə hazırladıqları layihə ilə iştirak edəcəklər. Mart ayında bir qrup şagirdin İtaliyada Roma şəhərində konfransda uğurlu çıxışı və aprel ayında İstanbulda keçiriləcək konfransda bir qrup şagirdin iştirak hüququ qazanması sevindirici haldır. Şagirdlərimizin beynəlxalq səviyyəli layihələrə marağı getdikcə artır və gələcəkdə bu tipli layihələrdə daha çox şagirdlə təmsil olunmaq niyyətindəyik.

Biz də Zərifə Əliyevanın adını daşıyan təhsil ocağına bundan sonra da bu ada layiq olmağı arzulayırıq.