Akademik Zərifə Əliyeva adına liseydə “Bilik Günü” qeyd olunub
15 sentyabr – Bilik Günü münasibətilə Akademik Zərifə Əliyeva adına liseydə yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə liseyin müəllim və şagird kollektivi ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yeni tədris ilinin başlanması münasibətilə liseyin müəllim və şagird kollektivi təbrik olunub, onlara uğurlar və yeni nailiyyətlər arzulanıb.
Çıxışlar zamanı təhsilin cəmiyyətin inkişafındakı mühüm rolu, gənc nəslin hərtərəfli formalaşması və şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edilib.
Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov liseyin müəllim və şagird kollektivini yeni tədris ili münasibətilə təbrik edərək, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova çıxış edərək lisey ailəsini yeni tədris ili münasibətilə təbrik edib və şagirdlərə uğurlu təhsil yolu arzulayıb.
Tədbirin xüsusi məqamlarından biri Vətən müharibəsi və "Antiterror əməliyyatı"-da şəhid olmuş qəhrəmanların xatirəsinin yad edilməsi olub. 24 sentyabr 2023-cü il tarixində antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Əkrəm Şahmansadənin həyat yoldaşı, liseyin 11a4 sinif şagirdi Şadmanzadə Solmazın anası Gülşən Rəhimova tədbirin fəxri qonağı kimi çıxış edib.
Tədbir çərçivəsində şagirdlərin hazırladığı musiqi və bədii proqram təqdim olunub.
Yeni tədris ilinin ilk zəngi isə liseyin qəbul imtahanında ən yüksək bal toplamış 9r4 sinif şagirdi Zeynəb Şərifovanın iştirakı ilə səsləndirilib.
Tədbirdə liseyin 11-ci sinif şagirdləri üçün son “ilk zəng” də xüsusi anlarla qeyd olunub. Şagirdlər alqış sədaları altında sonuncu “ilk dərs”lərinə yola salınıblar. Eyni zamanda yeni tədris ilində lisey ailəsinə qoşulan 8 və 9-cu sinif şagirdləri də təntənəli şəkildə qarşılanıblar.
Tədbirin sonunda bütün şagirdlərə yeni tədris ilində uğurlar arzulanıb.
Akademik Zərifə Əliyeva adına lisey olaraq yeni tədris ilində də əsas məqsədimiz yüksək akademik nəticələrlə yanaşı, milli və ümumbəşəri dəyərlərə bağlı, müstəqil düşünən, yaradıcı və cəmiyyətə faydalı şəxsiyyətlərin yetişdirilməsidir.
Yeni tədris ili uğurlu olsun!








